Gülnarə RəfiqMən Xəzərin sahilində rəng seriallarina baxa-baxa böyümüşəm. Sonra gördüyüm rəngləri vərəqə köçürə bilmədiyimdən çəkməyin daşını atdım. Sonra musiqini öyrəndim. Əvvəl çaldım, oxudum, indi çalıb oxumağı öyrədirəm. Hamı kimi bəstəkar olmaq istəmədim. Nə olsun ki, müəllimlərim «Axı musiqişünas belə bəstələyə bilməz» deyirdilər. Ortabab bəstəkardansa yaxşı dinləyici olmağı üstün bildim. Sonra paltar tikdim, naxış saldım, toxudum. Əl işlərimi geyib fors elədim. Foto da çıxardım, taxta da yontdum, ikibana quraşdırdım. Həyat tempim imkan versə keramikaya baş vuracam. Ləvazimatlarımı alıb oturmuşam, deyəsən ustadımı gözləyirəm. Palçığa can vermək iddiam olmasa da gilə bulaşmaq istəyirəm.

İndi isə yazıram. Yazıram, yazdığımı poza bilmirəm, çünki göndərən kimi qəzetin saytına qoyurlar. Bəzən tərifdən tənqid qədər qaçıram. Çünki bunun nə vaxtacan davam edəcəyini bilmirəm. Vəfasız olub yazmağın da daşını ata bilərəm. Amma hələ ki, yazıram…