Gülnarə Rəfiq Azadlıq simfoniyası. Bakı, İndiqo, 2015, 382 s.
(Hekayə)
Pəncərədən içəri süzülən nazik işıq zolaqları otağın səliqəsizliyini vurğulasa da görkəmini pozmurdu. Bir qədər əvvəl, bu işıq zolağı içəriyə tam soxulmamışdan burda sevişən iki nəfər üçün otaq həmişəki kimi idi, nə gözəl, nə də çirkin. Elə bil Allah buranı elə sevişmək üçün yaratmışdı. Lazım olan hər bir əşyası, divanı, təmiş döşəkağısı, daimi suyu, hətta işığı içəri buraxmaq istəməsən dartıb çəkiləsi qalın pərdəsi də vardı. Amma onlar heç vaxt pərdəni çəkməzdi, çünki işıq selinin altında sevişməyin ləzzətini bilirdilər. Bu işıq seli yayda yox, qışda xüsusilə gözəl olurdu. İsitməsə də adamın ürəyinə yayılırdı. Otaqda sakitlikdən qulaq çəkilirdi. Kişi siqaret tüstüsündən fiqurlar yaradıb işıq zolağına buraxırdı. Həmən tüstü boğucu olmasaydı adam ömrünün sonunacan bu səhnəyə baxa bilərdi.